Azərbaycan 2023-cü ildə qeyri-neft ixracını $3 mlrd.-dan artıq həcmə çatdırmağı planlaşdırır. Bunu “İnterfaks-Azərbaycan”a iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Bu ilin 8 ayı ərzində qeyri-neft ixracımız 15% artıb. Gələn il bu göstəricinin 20% təşkil edəcəyi, 2023-cü ildə 3 mlrd. ABŞ dollarını ötməsi gözlənilir”, - Mustafayev qeyd edib.
2018-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi $1 mlrd. 689 mln. təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib ki, Azərbaycan 2019-cu ilin yanvar-avqust aylarında $1 mlrd. 277 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib
Yanvar-avqust aylarında Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($427,1 mln. – artım 13,8%), Türkiyə ($278,6 mln. - artım 11,5%), Gürcüstan ($110,7 mln. – artım 25%), İsveçrə ($111,5 mln. – artım 20,9%) və İtaliya ($33,5 mln. – artım 2,4 dəfə) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,4%-i RF-nin payına düşüb. **
X.Nəsirzadə