Dövlət Dəniz Agentliyi bu gün Xəzərdə küləyin sürətinin güclənəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilir ki, Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si küləyin sürəti 30 metr saniyəyədək güclənəcək, dalğanın hündürlüyü isə 5,5 metr olacaq. Bununla əlaqədar gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb”, - deyə agentliyin məlumatında bildirilir.
Bununla yanaşı, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb.
Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.
“Agentliyin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir. Milli Mərkəz tərəfindən eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, SOCAR və BP şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi aparılır”, - deyə məlumatda vurğulanır.
Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.*
X.Nəsirzadə