Rusiya Ticarət Sənaye Palatası Azərbaycanla uğurlu birgə layihələrin sayının artmasının əhəmiyyətini qeyd edir. Bu barədə Rusiya Ticarət Sənaye Palatasının prezidenti Sergey Katırin bəyan edib.
“Hazırki razılıqlar ölkələrimizin sahibkarları üçün uzunmüddətli perspektivlər açır. İnformasiya-kommunikasiya texnologiyaları, neft maşınqayırması, gəmiqayırma, kənd təsərrüfatı texnikası və yük qatarlarının istehsalı, helikopterlərə xidmət mərkəzinin yaradılması və s. Rusiya və Azərbaycan biznesi üçün təmas nöqtələri ola bilər”, - Katırin “The Business Guide – Azerbaijan” jurnalına müsahibəsində bildirib.
Katırin qeyd edib ki, artıq indi Azərbaycanda 750-dən çox şirkət, həmçinin 300-ə yaxın 100% Rusiya kapitalı ilə, 450-dən çoxu birgə müəssisə formatında fəaliyyət göstərir.
“Əminəm ki, uğurlu birgə layihələrin sayı daha çox ola bilər. Burada biznesə biri-biri ilə əlaqələrin qurulmasında və qarşılıqlı səmərəli sazişlər əldə etməyə kömək etmək vacibdir”, - Katırin qeyd edib. **
Ə.Məmmədov