Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev hesab edir ki, Azərbaycan, Belarus və Özbəkistan Avropa İttifaqı, Rusiya və Çin arasında mühüm dialoq meydançası ola bilər.
“Azərbaycan, Belarus və Özbəkistan geosiyasi güc mərkəzləri - Avropa İttifaqı, Rusiya və Çin arasında dialoqun təşkilində mühüm dialoq meydançası rolunu oynaya bilər”, - Mezentsev “Minsk dialoqu” forumu çərçivəsində Avropada təhlükəsizliyin gələcəyinə dair gənc siyasətçilərin məruzəsini şərh edərkən bəyan edib. Bu barədə BELTA agentliyi məlumat verir.
Məruzənin müəlliflərinin fikrincə, Azərbaycan, Belarus və Özbəkistan hazırki mərhələdə öz yeni rolunu qeyd etməli və “Avrasiya inteqrasiyası inkişaf etdikcə Brüssel, Moskva və Pekin arasında qarşılıqlı əlaqəni təşkil etmək iqtidarında olan” vacib mərkəzlərə çevrilməlidir.
“Əgər bu dəstək ikitərəfli münasibətlərin və beynəlxalq təşkilatların meydançalarında əlaqələrin ümumi kontekstinə daxil olacaqsa, bunu yalnız alqışlamaq olar”, - səfir qeyd edib.
Eyni zamanda səfir hesab edir ki, ABŞ-ın mövqeyi nəzərə alınacağı halda söhbət daha məzmunlu olacaq. **
F.İsazadə