Oktyabrın 8-nə keçən gecə “Binə” ticarət mərkəzində baş verən yanğın nəticəsində 4 nəfər tibbi yardım almaq üçün müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Saat 01:10 radələrində təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 nəfər müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, 8 oktyabr saat 00:41-də nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.“3 saylı çağırış” elan edilib.
Yanğın saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.
Yanğının söndürülməsinə 40-a yaxın texnika və 200 nəfərdən çox şəxsi heyət cəlb olunub.
Yanğının səbəbləri barədə məlumat verilmir. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin sözlərinə görə, yanğının ümumi sahəsi 2-3 min kv.m təşkil edir.*
X.Nəsirzadə