Azərbaycan dekabrın 7-10-da Dubaya (BƏƏ) ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
"7-10 dekabr tarixlərində Dubay şəhərinə ixrac missiyası təşkil olunacaq. Missiyanın tərkibinə qida məhsulları, toxuculuq məhsulları, tikinti materialları istehsal edən şirkətlərin və turizm şirkətlərinin nümayəndələri daxil olacaq", - deyə məlumatda bildirilir.
Missiyada iştirak etmək istəyən şirkətlər təkliflərini oktyabrın 20-dək təqdim edə bilər.
Fondun məlumatına görə, missiyada iştirak etmək istəyən şirkətlər müvafiq müsabiqədən keçməlidir. Müsabiqənin nəticələri oktyabrın 31-də elan olunacaq.
Seçim bir neçə meyar üzrə həyata keçiriləcək: təqdim olunan məhsulların istehsal potensialı, ixrac potensialı, məhsulların ixracı sahəsində təcrübə.*
B.Rüstəmbəyov