Cari ilin ötən dövrü ərzində 5,561 min vətəndaş özünüməşğulluq proqramına cəlb edlib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Layihə iştirakçılarından 1,345 min nəfəri qadınlar, 1,346 min nəfəri əlilliyi olan şəxslər, 1,07 min nəfəri məcburi köçkünlər, 348 nəfəri isə ünvanlı sosial yardım alan vətəndaşlardır.
“Proqrama cəlb edilən şəxslərdən 4,124 min nəfəri artıq təlim kursunu müvəffəqiyyətlə başa vurub”, - deyə məlumatda bildirilir.
2018-ci ildə proqram 6 min ailəni əhatə edib, 2019-cu ildə 8-10 min ailəni, 2020-ci ildə 15 minədək ailəni əhatə edəcək. Proqramın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaq, kiçik sahibkarlığın inkişafına təkan verməkdən ibarətdir. Proqram aztəminatlı ailələr üçün nəzərdə tutulub. Belə ailələr kənd təsərrüfatı texnikası, avadanlıq və mal-qara ilə təmin olunur.
İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsində özünüməşğulluq poqramı çərçivəsində tədbirlərin həyata keçirilməsinə 56 mln. 41,4 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Azərbaycan hökuməti məşğulluğun dəstəklənməsi layihəsinin həyata keçirilməsi məqsədilə $100 mln. məbləğində kredit almaq üçün sentyabrda Dünya Bankına rəsmi müraciət edib.*
X.Nəsirzadə