Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən işğal edilmiş ərazilərə qanunsuz səfər edən Cənubi Koreyanın qeyri-hökumət təşkilatının üç nümayəndəsinin adını Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarıb.
“Cənubi Koreya Respublikasının vətəndaşları Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş ediblər”, - XİN-dən bildirilir.
Vurğulanıb ki, məktublarında Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan ediblər.
“Onlar işğal edilmiş ərazilərə sözügedən səfərləri ilə heç bir halda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirirlər. Həmçinin müraciətlərində onlar, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqlarını və gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəklərini qeyd ediblər”, - XİN qeyd edir. **
F.İsazadə