Şuşada Gövhərağa məscidini fars məscidi kimi qələmə verməyə çalışan Ermənistanın əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktını gizlətməkdir. Bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Şuşa şəhərində Yuxarı Gövhərağa (Cümə) məscidinin Ermənistan tərəfindən "təmir olunması" bu işğalçı ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsidir. Belə ki, Gövhərağa məscidini "bərpa" edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətidir”, - Abdullayevanın KİV-ə bəyanatında deyilir.
O vurğulaylb ki, Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın bu gün Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi “riyakarlıqdan başqa bir şey deyildir”.
“Dini və dünyəvi dəyərlərə, hörmət edən tərəf özünün viran etdiyi dini yerləri sonradan bərpa edirmiş kimi tarixi saxtalaşdırmaqla məşğul olmaz”, - Abdullayeva bəyan edib.
XİN rəsmisi xatırladıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində Azərbaycanın tarixi, maddi-mədəni irsinə, dini abidələrinə böyük zərər vurulub.
“Çoxsaylı abidələrimiz dağıdılmış, talan edilmişdir və hazırda Ermənistan tərəfindən abidələrimizin mənşəyinin və təyinatının dəyişdirilməsi siyasəti həyata keçirilməkdədir”, - o qeyd edib.
Yuxarı Gövhərağa (Cümə) məscidi Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə 19-cu əsrdə tikilib. **
F.İsazadə