Böyük Britaniya vətəndaşı Mark Qusriye “Azərkosmos” ASC-nin baş kommersiya direktoru vəzifəsinə təyin olunub.
“M.Qusriye bu ilin oktyabr ayından etibarən “Azərkosmos”un Bakı ofisində fəaliyyətə başlayıb”, - deyə məlumatda bildirilir.
O, “British Telecom”, “SES”, “Europe Star”, “Verestar” və “KVH” şirkətlərində aparıcı vəzifələrdə iş təcrübəsinə malikdir.
“M.Qusriye həm regional, həm də beynəlxalq səviyyədə “Azərkosmos”un uzunmüddətli kommersiya strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək”, - deyə məlumatda vurğulanır.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Azərkosmos” ASC 2018-ci ildə peyklərin kommersiya istismarından $25,6 mln., 2019-cu ilin 8 ayı ərzində $28 mln. məbləğində gəlir əldə edib.*
A.Əzizov