Azərbaycan ərazi bütövlüyü məsələsində Ermənistana kompromisə getməyəcək. Bunu prezident İlham Əliyev deyib.
“Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq”, - Əliyev məcburi köçkünlərlə görüş zamanı bəyan edib.
Prezident bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
“Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq”, - dövlət başçısı qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var və o, president kimi bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edir və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür.
“Ermənistanın baş naziri (Nikol Paşinyan - İF) Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində (oktybrın 3-də - İF) dedim və bunu bütün dünya eşitdi (…).Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”, - Əliyev bəyan edib.
Prezident qeyd edib ki, işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binalar, kəndlər, şəhərlər salınacaq.
“Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. 2016-cı ilin aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu uzun illər Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır”, - Əliyev bildirib.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 8-də məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında işıtirak edib. Kompleksdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var. Sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. **
F.İsazadə