Azərbaycan Dünya İqtisadi Forumunun (DİF, World Economic Forum, WEF) hər il tərtib etdiyi 2019-cu il üzrə qlobal rəqabət reytinqində 141 ölkə arasında 58-ci yeri tutub.
Azərbaycan 2018-ci ildə qlobal rəqabət reytinqində 140 ölkə arasında 69-cu yerdə qərarlaşmışdı.
Bu il reytinqdə birinci yeri Sinqapur tutub. Liderlərin beşliyinə ABŞ, Honkonq, Niderland və İsveçrə də daxildir.
Azərbaycan "Biznesin dinamikliyi" (23-cü yer), "Əmək bazarı" (21-ci yer), "Məhsul bazarı" (23-cü yer), "İnfrastruktur" (38-ci yer), "Bacarıqlar" (48-ci yer), "İctimai institutlar" (49-cu yer), "Bazarın ölçüsü" (67-ci yer), "İKT-nin potensialı" (69-cu yer), “İnnovasiya potensialı” (68-ci yer) kimi indekslər üzrə reytinqin üst yarısında qərarlaşıb.
Azərbaycan "Maliyyə bazarının inkişaf etməsi" (96-cı yer), "Sağlamlıq" (98-ci yer), "Makroiqtisadi mühit" (103-cü yer) kimi indekslər üzrə reytinqin alt yarısında yer alıb.
2018-ci ilin reytinqi ilə müqayisədə ölkə "İnfrastruktur", "İctimai institutlar", "İnnovasiya potensialı", "Əmək bazarı", “Biznesin dinamikliyi”, “Məhsul bazarı”, “Makroiqtisadi mühit” və “Bacarıqlar” indikatorları üzrə mövqeyini yaxşılaşdırıb.
Bütövlükdə, il ərzində Azərbaycanın 12 indikatordan 8-i üzrə mövqeyi yaxşılaşıb, 3-ü üzrə pisləşib, 1-i üzrə isə dəyişməyib.
Azərbaycanın "Makroiqtisadiyyat" indikatoru üzrə göstəricisinin yaxşılaşmasına ötən il ölkədə inflyasiyanın aşağı səviyyədə olması təsir edib, "Maliyyə bazarının inkişaf etməsi" indikatoru üzrə göstərici kiçik və orta biznesin maliyyələşdirilməsinin yaxşılaşması, bazarın kapitallaşmasının, sığorta bazarında sığorta haqlarının artması səbəbindən yaxşılaşıb, mənfi amillərdən isə özəl sektorun kreditləşdirilməsinin aşağı səviyyədə olmasını göstərmək olar.
DİF “Biznesin dinamikliyi” indikatoru üzrə Azərbaycanda biznesin açılması üçün xərclərin və qeydiyyat üçün tələb olunan günlərin sayının azaldıldığını qeyd edir.
Dünya ÜDM-də Azərbaycanın payı 0,13% təşkil edir.*
A.Əzizov