Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qazaxıstanla qarşılıqlı investisiya qoyuluşlarının artırılması üçün böyük potensialın olduğunu qeyd edir.
"Azərbaycan 1995-ci ildən başlayaraq Qazaxıstan iqtisadiyyatına $200 mln., Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına $83 mln. investisiya qoyub. Biz burada qarşılıqlı investisiya qoyuluşlarının artırılması üçün böyük potensial görürük", - deyə P.Şahbazov bu gün Bakıda Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artması müşahidə olunur. "2018-ci ildə ticarət dövriyyəsinin həcmi 55,4% artaraq $221 mln.-a çatıb. Azərbaycandan ixrac 36,1%, Qazaxıstandan idxal isə 61,5% artıb", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 2019-cu ilin 8 ayının yekunları üzrə ticarət dövriyyəsi $168 mln. təşkil edib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb.
P.Şahbazov əlavə edib ki, yaxın vaxtlarda Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evi açılacaq ki, bu da Azərbaycan məhsullarının ixracının artmasına kömək edəcək.*
B.Rüstəmbəyov