Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Türkiyə ilə ikitərəfli ticarət dövriyyəsinin dinamik artımını qeyd edir.
“2018-ci ilin yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsi $3,4 mlrd. təşkil edib və 2017-ci illə müqayisədə 28% artıb”, - Səfərov cümə axşamı Bakıda keçirilən “Standartların tətbiqi: Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, 2019-cu ilin 8 ayı ərzində ticarət dövriyyəsi $2,7 mlrd.-a çatıb və ötən ilin analoji dövrü ilə müqayisədə 30% artıb.
Səfərov vurğulayıb ki, mövcud hüquqi baza iqtisadi münasibətlərin inkşafına şərait yaradır. “İmzalanan sənədlər arasında ikiqat vergitutmadan azad olunma və sərmayələrin qarşılıqlı qorunması mühüm əhəmiyyət kəsb edir”, - nazir müavini əlavə edib.
Xəbər verildiyi kimi, qısamüddətli dövrdə Azərbaycan və Türkiyə qarşılıqlı ticarət dövriyyəsini illik $5 mlrd.-a, 2024-cü ilə qədər – $15 mlrd.-a çatdırmağı ümid edir.**
B.Rüstəmbəyov