Oktyabrın 11-dən etibarən gürcü ruhanilər Gürcüstan-Azərbaycan sərhəddindəki qədim David Qareci monastır kompleksinin bütün kilsələrinə giriş imkanı əldə edəcəklər. Bunu bu gün Gürcüstanın baş naziri Giorgi Qaxariya Bakıda prezident İlham Əliyevlə danışıqların yekunları üzrə deyib.
"Təəssüf ki, Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir. Cənab prezident Əliyev bildirdi ki, bizi birləşdirən tarix və coğrafiyamız var. Məhz bu baxımdan mövcud problemlərlə bağlı tam səmimi söhbətimiz oldu. Nəticədə sabahdan etibarən kompleksin bütün kilsələri gürcü ruhanilər üçün açıq olacaq”, - deyə o qeyd edib.
Baş nazir əlavə edib ki, bu problem hər iki dövlətin maraqları və tarixi irs nəzərə alınmaqla həll edilməlidir. O, Gürcüstandakı hər kəsi David Qareci monastırı probleminə son dərəcə ehtiyatla yanaşmağa və düşünülməmiş ifadələrlə "yalançı vətənpərvərlik" nümayiş etdirməməyə çağırıb.
G.Qaxariya deyib ki, Bakıya dünənki səfəri təsadüfi olmayıb və böyük əhəmiyyət kəsb edib. “Ölkələrimiz arasında əməkdaşlıq artıq regional və beynəlxalq kontekstə malikdir”, - deyə baş nazir hökumətin iclasında vurğulayıb.
O qeyd edib ki, bu əməkdaşlıq indi regionda baş verən hadisələrin fonunda sülh və təhlükəsizliyi təmin etmək üçün xüsusilə vacibdir. G.Qaxariya Azərbaycan prezidenti ilə görüşdə iqtisadi əməkdaşlıq, enerji daşıyıcılarının tranziti məsələlərinə xüsusi diqqət yetirildiyini söyləyib.*