Prezident İlham Əliyev bu gün Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhardtı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
A.Rayxhardt Avstriyanın aparıcı texnologiya şirkətlərinin Azərbaycan bazarına çıxmaqda maraqlı olduğunu deyib.
“Əvvəlki görüşümüzdə biz birgə layihələrin inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə etmişik. Vəzifəmiz bəzi layihələrlə bağlı konkret ideyaları inkişaf etdirmək və Avstriyanın dünyada məşhur texnologiya şirkətlərini Azərbaycana gətirməkdir. Bir qədər sonra biz Sizə bəzi konkret ideyaları təqdim etmək istəyirik”, - deyə o bildirib.
Öz növbəsində, İ.Əliyev Azərbaycanda nəqliyyat sektorunun inkişaf etdiyini deyib və ölkənin Avropa ilə Asiyanı birləşdirmək planları barədə məlumat verib.
“Azərbaycan nəqliyyat sektoruna böyük həcmdə investisiya yatırıb. Nəqliyyat sektoru gələcək iqtisadi inkişafın hərəkətverici qüvvəsi olacaq sahələrdən birinə çevrilir”, - deyə dövlət başçısı vurğulayıb.*
Ə.Məmmədov