2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft hasilatı 767 min barrel təşkil edib. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Cari ilin yanvar-sentyabr aylarında orta gündəlik neft hasilatı 767 min barrel təşkil edib. Baxmayaraq ki, OPEC+ çərçivəsində gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair öhdəlik götürüb”, - nazirlikdən qeyd olunur.
Beləliklə, 2019-cu ilin 9 ayı ərzində OPEC+ çərçivəsində neft hasilatının azalmasına dair öhdəliyi 145% yerinə yetirib.
“Bununla əlaqədar Azərbaycan OPEC+ çərçivəsində öhdəliyini tam yerinə yetirir”, - nazirlikdən qeyd ediblər.
Eyni zamanda, bildirilir ki, sentyabr ayı üzrə gündəlik neft hasilatı cari ilin avqust ayında 749 min barelə qarşı 755 min barrel olub.
“Respublikada sentyabr ayı üzrə gündəlik neft hasilatı 755 min barrel olub. Bunun 683 min barrelini xam neft, 72 min barrelini kondensat təşkil edib”, - məlumatda qeyd olunur.
Sentyabr ayında Azərbaycandan gündəlik 560 min barrel xam neft (avaustda – 501 min), 68 min barrel kondensat, 6,2 min barrel isə neft məhsulları ixrac edilib.
“Sentyabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edilib”, - məlumatda vurğulanır.
2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. 2019-cu ilin iyulun 2-də Vyanada OPEC və OPEC+ üzvü olan ölkələrin nazirlərinin icasının yekununda neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay – 2020-ci ilin mart ayının sonunadək uzadılması ilə bağlı razılıq əldə olunub. Eyni zamanda, ötən ilin dekabr ayında müəyyən edilən kvotalar dəyişilməz qalıb: OPEC ölkələri üçün 800 min barrel, qeyri-OPEC ölkələr üçün 400 min barrel azaltmaq.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.**
A.Əzizov