Avropa İttifaqı (Aİ) Azərbaycanın regionları ilə əməkdaşlıq çərçivəsində 2020-ci ildən başlayaraq ölkənin cənub bölgəsinin inkişafına yönəlmiş EU4Lenkoran layihəsini həyata keçirəcək. Bu barədə bu gün Bakıda Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə Baş Direktorluğunun Tərəfdaşlıq şöbəsinin müdiri Vasilis Maraqos məlumat verib.
Onun sözlərinə görə, Aİ "Azərbaycanın bölgələrinə böyük maraq göstərir. “Biz Lənkərana kifayət qədər investisiya qoyuruq. Digər bölgələrə də diqqət göstəriləcək”, - deyə V.Maraqos qeyd edib.
Xəbər verildiyi kimi, 2018-ci ilin oktyabr ayında Azərbaycan və Aİ arasında “Azərbaycan üzrə fəaliyyət proqramının maliyyələşdirilməsi haqqında saziş imzalanıb. Saziş Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətinin artırılmasını, eləcə də biznes və investisiya mühitinin yaxşılaşdırılmasına dəstək göstərilməsini nəzərdə tutur.
Öz növbəsində, diplomatik mənbə "İnterfaks-Azərbaycan" agentliyinə bildirib ki, Aİ Azərbaycan regionlarının inkişafına 13 mln. avrodan çox vəsait yönəldəcək. Vəsait artıq alınıb və layihələrin həyata keçirilməsinə (o cümlədən Lənkəran rayonunda) 2020-ci ildə başlanılacaq.*
F.İsazadə