2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 mln. 415,9 min nəfər və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çox turist gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Turistlərin böyük hissəsini Rusiya və Gürcüstandan gələnlər təşkil edib.
RF-dən 724,73 min nəfər (artım 5,3%, xüsusi çəki 30%), Gürcüstandan isə 530,873 min nəfər turist (artım 21,6% və Azərbaycana turist axınının 21,9%-i) gəlib.
Azərbaycana gələn turistlərin sayına görə TOP-5-yə Yaxın Şərq ölkələri (291,126 min nəfər, xüsusi çəki 12,1%), Türkiyə (233,322 min nəfər, xüsusi çəki 9,7%), İran (197,535 min nəfər, xüsusi çəki 8,2%) da daxildir.
Hesabat dövründə Yaxın Şərq ölkələri üzrə turistlərin sayında 6,4%, İran üzrə 4,9% azalma, Türkiyə üzrə 5,9% artım qeydə alınıb.
Agentliyin məlumatına görə, cari ilin sentyabr ayında Azərbaycana 280 min nəfər gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20,8% çoxdur.
Onlardan 70,9 min nəfəri Rusiya (ötən ilin sentyabr ayı ilə müqayisədə artım 8%), 58,4 min nəfəri Gürcüstan (artım 13%), 33 min nəfəri İran (artım 2 dəfə), 29,6 min nəfəri Türkiyə (artım 11,7%), 27,1 min nəfəri Yaxın Şərq ölkələrinin (artım 7,5%) vətəndaşları olub.*
X.Nəsirzadə