Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2019-cu il oktyabr ayının 15-dən profilaktik işlərlə əlaqədar “Qərbi Çıraq” platformasında hasilatı 15 gün müddətinə dayandırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Oktyabrın 15-dən “Qərbi Çıraq” platformasında hasilat təxminən 15 gün müddətinə dayandırılacaq. Məqsəd platformada profilaktik işlərin aparılması və layihənin effektiv surətdə həyata keçirilməsidir. Profilaktik işlərə məşəl və idarəetmə sistemlərinin yenilənməsi daxildir”, - deyə məlumatda qeyd olunur.
ABƏŞ-dən vurğulayıblar ki, platformada hasilatın dayandırılması planlı xarakter daşıyır və 2019-cu il proqramına daxil edilib.
2019-cu ilin birinci yarısında “Qərbi Çıraq” platformasından sutkada orta hesabla 60 min barrel neft hasil edilib.
ABƏŞ cari ilin aprel ayının 15-də profilaktik işlərlə əlaqədar olaraq “Qərbi Azəri” platformasında hasilatı dayandırmışdı.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.*
N.Abbasova