Dövlət Gömrük Komitəsi və Türkiyə Ticarət Nazirliyi arasında "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2019/2020-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planı" imzalanıb.
Sənəd Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyətinin Ankaraya səfəri zamanı imzalanıb.
Mehdiyev səfər çərçivəsində Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü İclasında iştirak edib.
“İclasda gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin tərəflər "Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında Avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş"ə uyğun müvafiq Texniki Şərtlər sənədinin müzakirələrinin tamamlanaraq ən qısa zamanda imzalanmasına dair razılığa gəliblər. Bundan əlavə, tərəflər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində sərhəd-keçid prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumat mübadiləsini təmin edəcək razılaşmanın müzakirəsinə başlayıblar”, - məlumatda qeyd edilir.
Gömrük Məsələləri üzrə Birgə Komitənin dördüncü İclası 2020-ci ildə Bakıda keçiriləcək.**
Ə.Məmmədov