SOCAR Avstriyanın “A1” şirkətindən satın aldığı yanacaqdoldurma məntəqələrini yaxın müddətdə rebrendinq etməyi planlaşdırır. Bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu gün Bakıda Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhardtla görüşdə deyib.
“SOCAR-ın “A1” şirkətindən satın aldığı 82 YDM-dən ikisi artıq rebrendinq edilib, qalanları isə yaxın müddətdə rebrendinq ediləcək”, - deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, SOCAR Avstriyanın yanacaq enerji sektorunda biznesini genişləndirməkdə maraqlıdır.
A.Rayxhardt Avstriya şirkətlərinin Azərbaycanın kimya sənayesi ilə maraqlandıqlarını və bu sahəyə sərmayə yatırmağa hazır olduqlarını qeyd edib.
R.Abdullayev kimya sənayesinin ölkə iqtisadiyyatının perspektivli sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə səmərəli təkliflərin operativ surətdə müzakirə edilib dəyərləndiriləcəyini bildirib.
“SOCAR Energy Holding” 2017-ci ilin dekabr ayında Avstriyanın “A1” şirkətindən YDM və sürtkü yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” şirkətini əldə edib.
“A1” şirkəti Avstriyada 82 YDM-ə sahib olub. “Pronto Oil Mineralölhandels GmbH” şirkəti Qraz şəhərində yerləşir.
SOCAR hər iki şirkətin idarə edilməsi üçün «SOCAR Energy Austria» MMC-ni təsis edib.*
A.Əzizov