“SOCAR-Uniper” Almaniya-Azərbaycan birgə müəssisəsi ilə “Nobel Oil Services” şirkəti (”Nobel Oil Services” şirkətinin törəməsi) arasında “Azərikimya” İstehsalat Birliyinin (İB) elektrik təchizatı üçün üçüncü buxar turbin qurğusunun quraşdırılması haqqında müqavilə imzalanıb. Bu barədə “Nobel Oil Services” şirkətinin məlumatında deyilir.
Müqaviləyə əsasən, PROKON şirkəti ümumi tikinti və istismara vermə işlərini həyata keçirəcək və yeni buxar turbinlərinin inşası üçün tikinti materiallarının satın alınması daxil olmaqla “SOCAR-Uniper” şirkətinin bütün tikinti işlərinə nəzarət edəcək.
“Hazırda “SOCAR-Uniper” şirkətinin elektrik stansiyası iki buxar turbinindən istifadə edərək buxar və enerji istehsal edir. PROKON şirkəti elektrik istehsalını əhəmiyyətli dərəcədə sürətləndirəcək xüsusi hazırlanmış üçüncü buxar turbin qurğusu, eləcə də köməkçi infrastrukturu quraşdıracaq”, - deyə PROKON şirkətinin baş direktoru Azad Namazov qeyd edib.
Layihənin həyata keçirilməsi “Azərikimya” İB-nin istehsalat obyektlərinin enerji səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayacaq.
PROKON Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin 2012-ci ildə Azərbaycanda tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi yaradılıb.
“SOCAR-Uniper” 2015-ci ildə yaradılıb. BM-də SOCAR-ın payı 51%, UNIPER-in payı 49% təşkil edir.*
B.Rüstəmbəyov