2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda özəl sektorda bağlanmış əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5% artıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
"Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər əmək bazarının təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu. Görülən tədbirlər nəticəsində oktyabrın 1-nə özəl sektorda əmək müqavilələrinin sayı 2018-ci ilin 9 ayına nisbətən 16,5% artaraq 90,962 minə çatıb", - deyə o, bu gün Bakıda MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının 32-ci iclasında bildirib.
Nazirin sözlərinə görə, özəl sektorda əməkhaqqı fondu ötən ilin 9 ayı ilə müqayisədə 33,4% artıb.*
X.Nəsirzadə