Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin yanvar-sentyabr aylarında 3,7 mln. sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 1,6 mln. və 443 min sərnişin daşıyıb”, - deyə məlumatda bildirilir.
Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 3,2 mln. təşkil edib.
2019-cu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 33 sərnişin aviaşirkəti uçuşlar həyata keçirib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines” (Türkiyə, 376 min sərnişin), “FlyDubai” (BƏƏ, 194 min sərnişin), “Aeroflot” (Rusiya, 151 min sərnişin), “AirArabia” (BƏƏ, 130 min sərnişin), “UIA” (Ukrayna, 97 min sərnişin), “Qatar Airways” (Qətər, 81 min sərnişin), “Lufthansa” (Almaniya, 53 min sərnişin) və “SCAT” (Qazaxıstan, 47 min sərnişin) daxil olub.
Hal-hazırda altı xarici aşağıbüdcəli aviaşirkət – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja) Bakının hava limanına birbaşa uçuşlar həyata keçirir.
“2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 4,3 mln. nəfər təşkil edib. Göstərilən müddət ərzində Naxçıvan aeroportu 501 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 115 minlik sərnişin axını ilə üçüncü olub”, - deyə məlumatda qeyd olunur.
Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 4,43 mln. sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.*
B.Rüstəmbəyov