Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini Konstantin Zatulinin işğal olunmuş Dağlıq Qarabağda keçirilən “Forumda” qanunsuz iştirakını onun Azərbaycan əleyhinə yönələn növbəti təxribatı kimi qiymətləndirir.
“Qatı ermənipərəst mövqeyi ilə tanınan K.Zatulinin ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirilən “forum"da qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönələn növbəti təxribatıdır", - deyə XİN-in mətbuat katibi Leyla Abdullayeva K.Zatulinin “forum”da qanunsuz iştirakına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, K.Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq “qara siyahı"ya daxil edilib.
“K.Zatulinin “forum”da qanunsuz iştirakı və onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır”, - deyə mətbuat katibi vurğulayıb.
L.Abdullayeva qeyd edib ki, Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. “İki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq fonunda K.Zatulin kimi şəxslərin fəaliyyəti Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Lakin bu kimi təxribat xarakterli səylərə baxmayaraq, Azərbaycan və Rusiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcək", - deyə XİN rəsmisi hesab edir.*
A.Əzizov