İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Özbəkistanın investisiyalar və xarici ticarət naziri Sardor Umurzakovla görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Ş.Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 46%-dən çox, bu ilin 8 ayında isə 63% artıb”, - deyə məlumatda bildirilir.
İqtisadiyyat naziri Azərbaycan və Özbəkistan arasında sənaye, kənd təsərrüfatı, turizm, ticarət, investisiya və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.
“Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Birgə İşçi Qrupun yaradılması, Azərbaycanda Özbəkistanın investisiya imkanlarına dair təqdimatın keçirilməsi, müxtəlif sahələrdə, o cümlədən turizm, maşınqayırma, pambıqçılıq sahələrində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və s. məsələlər müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov