Qazaxıstanın birinci prezidenti-elbası Nursultan Nazarbayev Azərbaycanla kooperasiyanın artırılması imkanlarının olduğunu qeyd edir.
“Münasibətlərimizə gəldikdə isə onları davam etdirmək lazımdır. İndi imkanlar daha böyükdür. Amma hər halda Xəzər dənizi ilə ticarətimiz yetərincə deyil. Hərçənd ötən ildə artım yaxşı olub, 58% təşkil edib. Lakin həcm böyük deyil. Odur ki, hökumətlərimiz nə ilə ticarət etməyin və nəyin tədarük olunması üzərində bir daha çalışmalıdırlar”, - Azərbaycan prezidentinin rəsmi saytında Nazarbayevin sözlərindən sitat gətirilib.
“Logistika yaxşı vəziyyətdə olmayıb. İndi biz sizin vasitənizlə, Qafqazdan keçməklə Qars-Axalkalaki yolu ilə Türkiyəyə, Avropaya çıxa bilərik”, - o əlavə edib.
Elbası qeyd edib ki, bərə yolları genişlənib. Qazaxıstan öz infrastrukturunu Çinə, Sakit okeanadək inkişaf etdirib.
“Beləliklə, heç bir siyasi və digər problemlər olmadan ticari və siyasi münasibətləri inkişaf etdirmək üçün bütün imkanlarımız var”, - o bildirib.
Nazarbayev həmçinin qeyd edib ki, doqquzuncu dəfədir Azərbaycana gəlir, ilk səfəri 1991-ci ildə baş tutub. “Mən ilk dəfədir ki, buraya Prezident qismində deyil, bizdə deyildiyi kimi, millətin lideri, millətin atası kimi, Konstitusiyanın mənə verdiyi müəyyən səlahiyyətlər çərçivəsində gəlirəm”, - Nazarbayev bildirib.
“İlham Heydər oğlu, Sizin Qarabağla, Ermənistanla münasibətlərlə bağlı çətin məsələləriniz az olmayıb. Ümumiyyətlə, Azərbaycanın coğrafi mövqeyi hamı üçün maraqlıdır. Lakin qeyd etməliyəm ki, mən qiymət verməyə çalışmıram, amma mənim həyat, siyasi və yaş təcrübəmdən çıxış edərək deməliyəm ki, Azərbaycanda hər şey öz axarında gedir”, - o əlavə edib.
Nazarbayev Türk Şurasının fəxri sədri olmağı təklifinə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, “bunu məmnuniyyətlə qəbul edirəm, çünki bizim dövlətlərimizin münasibətlərinin möhkəmlənməsinə, türkdilli ölkələrin birgə inkişafına kömək etmək istəyirəm”.
O bildirib ki, “türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır”.
Öz növbəsində, Əliyev prezident vəzifəsini icra etməyə yenicə başlayandan Nazarbayevlə ünsiyyət təcrübəsi üçün çox dəyərli olduğunu bəyan edib. “Siz həmişə mənə dəstək göstərmisiniz və aramızda yaxın, deyərdim ki, doğma münasibətlər qurulub”, - Əliyev deyib.
O qeyd edib ki, Azərbaycanda Nazarbayevi Azərbaycan xalqının böyük dostu kimi tanıyırlar. “Siz beynəlxalq əməkdaşlığın bir çox meydanlarında həmişə bizə dəstək göstərmisiniz. Münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyiniz böyük töhfəni Azərbaycanda çox yüksək qiymətləndirirlər”, - prezident vurğulayıb. **
F.İsazadə