Azərbaycan Xarici İşlər Nazirliyi İsveçrədə fəaliyyət göstərən “Kuhner Fund”un 3 nümayəndəsinin adlarını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarıb.
““Kuhner Fund”un rəhbəri Laura Kuhner (İsveçrə), eləcə də onun üzvləri Tim Bürgin (Almaniya) və Qifti Dvamena (İsveçrə) XİN-ə müraciət edərək adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş ediblər”, - deyə nazirliyin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Məktubda “Kuhner Fund”un üzvləri Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə, eləcə də ölkəmizin qanunlarına hörmət etdiklərini bəyan ediblər.
“Həmçinin müraciətdə fondun üzvlərinin etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir”, - deyə məlumatda vurğulanır.*
A.Əzizov