Prezident İlham Əliyev Yaponiyada baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin baş naziri Şinzo Abeyə başsağlığı verib.
“Hörmətli cənab baş nazir, ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığının mətnində bildirilir.
“Hagibis” tufanı nəticəsində 200-dək çay məcrasından çıxıb. Həmin çaylardan təxminən 50-də bəndlər aşıb, 10 mindən çox evə zərər dəyib.
Meteoroloqların bildirdiyinə görə, bir çox rayonlara iki gün ərzində illik normanın 40%-i miqdarında yağıntı düşüb.
35 minə yaxın ev hələ də elektrik enerjisiz, 130 min ev isə susuz qalıb.
Tufan nəticəsində 66 nəfər ölüb.*
X.Nəsirzadə