Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2019-cu il oktyabr ayının 15-dən profilaktik işlərlə əlaqədar “Qərbi Çıraq” platformasında hasilatı 15 gün müddətinə dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat katibi Tama Bayatlı məlumat verib.
“Bu gündən etibarən “Qərbi Çıraq” platformasında hasilat təxminən 15 gün müddətinə dayandırılıb. Məqsəd platformada profilaktik işlərin aparılması və layihənin effektiv surətdə həyata keçirilməsidir. Profilaktik işlərə məşəl və idarəetmə sistemlərinin yenilənməsi daxildir”, - Bayatlı qeyd edib.
O ılavə edib ki, platformada hasilatın dayandırılması planlı xarakter daşıyır və 2019-cu il proqramına daxil edilib.
2019-cu ilin birinci yarısında “Qərbi Çıraq” platformasından sutkada orta hesabla 60 min barrel neft hasil edilib.
ABƏŞ cari ilin aprel ayının 15-də profilaktik işlərlə əlaqədar olaraq “Qərbi Azəri” platformasında hasilatı dayandırmışdı.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.**
B.Rüstəmbəyov