Azərbaycan və Özbəkistan neft-qaz və kimya sahələrində bir sıra birgə layihələr həyata keçirməyi planlaşdırır.
"Özbəkistanın energetika nazirinin birinci müavini Jurabek Mirzəmahmudov və "Uzbekneftqaz" SC-nin İdarə Heyətinin sədri Bahodir Sidikovdan ibarət nümayəndə heyəti Bakıya səfər zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə danışıqlar aparıb", - deyə “Uzbekneftqaz”ın məlumatında bildirilir.
Tərəflər birgə layihələrin həyata keçirilməsinin gedişini müzakirə ediblər, həmçinin onların reallaşdırılmasını sürətləndirmək üçün mexanizmlər hazırlanıb. Xüsusilə Özbəkistanın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması layihələri və Kaşkadarya vilayətindəki yataqlarda hasilatın artırılması ilə bağlı yol xəritələri imzalanıb. Bu xəritələr sazişlərin praktik icrasına sürətli keçidi nəzərdə tutur.
Bundan əlavə, Özbəkistanda quyuların qazılması və əsaslı təmiri zamanı istifadə olunan neft-qaz avadanlıqları və komplekt hissələrinin istehsalının təşkili, eləcə də quyuların bərpası və əsaslı təmiri işlərinin sürətləndirilməsi ilə bağlı razılıq əldə olunub.
"Tərəflər, həmçinin Xəzərin Azərbaycan şelfində neft hasilatı layihələrinin birgə öyrənilməsi barədə razılığa gəliblər", - deyə məlumatda qeyd olunur.
“Uzbekneftqaz” bildirir ki, Özbəkistanın neft-qaz və kimya məhsullarının "SOCAR Trading” (SOCAR-ın mənzil qərargahı İsveçrədə yerləşən ticarət şirkəti – İF) vasitəsilə ixrac potensialının artırılması imkanları müzakirə edilib.*
B.Rüstəmbəyov