2019-cu ilin birinci yarısının yekunları üzrə “AXA Mbask” sığorta şirkətinin (“AXA” sığorta şirkətinin Azərbaycandakı törəməsi) xalis zərəri 176 min 888,17 manat təşkil edib (cari məzənnə ilə $104 min). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin 2019-cu ilin birinci yarısı üzrə maliyyə hesabatına əsasən, gəlirləri 7 mln. 315 min 537,79 manat, o cümlədən sığorta haqları 860,19 min manat, təkrarsığorta üzrə sığorta haqları 139,363 min manat, investisiya gəlirləri 517,676 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Cari ilin birinci yarısı ərzində şirkətin xərcləri 7 mln. 492 min 425,96 manat təşkil edib. Sığorta ödənişlərinin həcmi 3 mln. 691,861 min manata, qaytarılan sığorta haqları 391,963 min manata, sığorta işinin aparılması xərcləri 2 mln. 568,217 min manata bərabər olub. Qalan xərcləri digər maddələr təşkil edib.
Bu dövrdə şirkətin aktivləri 18,2% - 29 mln. 351,682 min manatadək, kapitalı 0,7% - 22 mln. 744,386 min manata qədər, öhdəlikləri təqribən iki dəfə - 6 mln. 607,296 min manata qədər azalıb.
Hesabat dövrü ərzində şirkətin nizamnamə kapitalı 23 mln. 933,828 min manat təşkil edib (dəyişməyib).
2018-ci ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 30,6% - 12,64 mln. manata qədər azalıb.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb və sığorta haqlarının yığımı və ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. Şirkətin yeganə səhmdarları İspaniyanın “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” şirkətidir. **
Ə.Məmmədov