Çelyabinskli iş adamı, “Ruslada” şirkətinin sahibi Əlişah Süleymanov yol qəzasında həlak olub. Bu barədə “İnterfaks-Ural” agentliyinə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qəza dünən yerli vaxtla saat 13:50-də (Bakı vaxtı ilə saat 12:50-də) Yujnouralsk-Maqnitoqorsk yolunun 24 km-də baş verib. “Toyota Land Cruiser 200” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Sürücü xəsarət almayıb, sərnişin isə yerindəcə dünyasını dəyişib”, - deyə məlumatda bildirilir.
Çelyabinsk vilayətinin Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rəfail Quliyev agentliyə bildirib ki, Ə.Süleymanov bir çox layihələrin əsas dəstəkçisi olub. O, məscidin tikilməsində kömək edib, onun dəstəyi ilə Azərbaycan diasporunun forumları keçirilib, iş adamı Azərbaycan mədəniyyəti ilə bağlı bir çox layihələri maliyyələşdirib. O qeyd edib ki, Ə.Süleymanovun doğmaları onu Azərbycanda dəfn etmək istəyir. Sabah Çelyabinskdə iş adamı ilə vida mərasimi keçiriləcək.*