2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 104 mln. 562,18 min təşkil edib ki, bu da 2018-ci ilin 9 ayının göstəricisindən 24,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,34%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Yanvar-sentyabr aylarında Azərbaycan Rusiyaya $499 mln. 151,17 min dəyərində (artım 12,7%) məhsul ixrac edib. Bütövlükdə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixracın 3,36%-i Rusiyanın payına düşüb.
Yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 mlrd. 605 mln. 411,01 min (artım 28,2%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 15,47% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 mlrd. 106 mln. 259,84 min təşkil edib.
Daha əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdi ki, 2019-cu ilin yekunları üzrə Rusiya ilə ticarət dövriyyəsi təxminən $3 mlrd. təşkil edə bilər.
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.*
B.Rüstəmbəyov