Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” oktaybrıb 30-dan etibarən Bəhreynə birbaşa uçuşlara başlayır. Bu barədə şirkətdən məlumat verilir.
“30 oktaybr 2019-cu ildən 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə - çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək”, - məlumatda qeyd olunur.
Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Eyni zamanda, Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əla dalğıclıq imkanları ilə səyahətçiləri cəlb edir. Həmçinin Bəhreynin paytaxtı Manama hər il keçirilən Formula 1 Qran Pri yarışına evsahibliyi edir.
“Yeni istiqamətin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır”, - məlumatda vurğulanır.
Daha əvvəl loukoster Səudiyyə Ərəbistanının Ər-Riyad və Dammam şəhərlərinə birbaşa reyslər açıb.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. Əsası 2016-ci ilin dekabrında qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İranvə Bolqarıstanda 10 beynəlxalq istiqamət üzrə yaxın xaricə reyslər yerinə yetirir. Uçuşlarda sərnişin yüklənməsi əksər istiqamətlər üzrə ən azı 85% təşkil edir. **
B.Rüstəmbəyov