Azərbaycanın yeni baş naziri Əli Əsədovun qarşısında duran vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir. Bunu prezident İlham Əliyev deyib.
“Bir neçə gün bundan əvvəl mənim sərəncamımla Əli Əsədov baş nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, baş nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”, - deyə dövlət başçısı oktyabrın 15-də hökumətin iqtisadi blokunun 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasında bildirib.
İ.Əliyev əlavə edib ki, 2019-cu ilin yanvar-sentyabr aylarının yekunları üzrə ÜDM 2,5% artıb, inflyasiya çox aşağı səviyyədədir, 2%-dən bir qədər çoxdur. Nəzərə almalıyıq ki, bu il 4,2 mln. insanı əhatə edən çox ciddi və böyük sosial paket reallaşıb. Kənd təsərrüfatı 9 ayda 7%-dən çox artıb.
“Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər”, - deyə o vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17%-ni təşkil edir. “Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq”, - deyə İ.Əliyev bildirib.
Prezident deyib ki, yeni baş nazirin qarşısında duran vəzifələrdən biri də kadr islahatlarının aparılması, müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrların işə cəlb edilməsidir.*
A.Əzizov