Azərbaycan prezidenti İlham Əliyev iqtisadiyyatın real sektorunun maliyyələşməsində bank sektorunun rolundan narazıdır.
“Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”, - Əliyev 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın social-iqtisadi inkişafına həsr olunan iqtisadi müşavirədə bildirib.
Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması üçün çox şey olunur. Xüsusilə, 1,4 mlrd. manat məbləğində güzəştli biznes kreditləri ayrılıb, fermerlərə sunsidiyalar verilir, kənd təsərrüfatı texnikası alınır. “Bu cür proseslər zamanı qeyri-neft sektorunun artım tempi yüksək olmalıdır”, - prezident əlavə edib.
İqtisadiyyat naziri Şahin Mustafayev əlavə edib ki, hökumət gələn il ÜDM-in artımını 3%-ə yaxın, həmçinin qeyri-neft sektorunun artımını 3,8% səviyyəsində görür.
Nazir bildirib ki, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130 milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə tutulub və icra olunacaq. Mustafayevin sözlərinə görə, amma bu, sahibkarlığın maliyyələşdirilməsi üçün kifayət qədər vəsait deyil, çünki bank sektoru tərəfindən kifayət qədər maliyyələşmə həyata keçirilmir. **
A.Əzizov