Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, bəzi hökumət üzvləri ölkədə həyata keçirilən islahatlara qarşı çıxış edirlər.
“Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur”, - Əliyev 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın sosial-iqtisadi inkişafına həsr olunan iqtisadi müşavirədə bildirib.
“Onlar (məmurlar - İF) hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir”, - prezident bəyan edib.
O qeyd edib ki, “bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır”.
“Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”, - dövlət başçsı vurğulayıb. **
F.İsazadə