2020-ci il üçün İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 128,2 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“2019-cu illə müqayisədə gəlirlər və xərclər 30% artacaq. Bu məbləğin 111 mln. 900 min manatı məhz işsizlikdən sığorta haqlarının yığımlarının payına düşəcək”, - Babayev bildirib.
Onun sözlərinə görə, cari ildən gözlənilən 16 mln. manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə yönəldiləcək.
Eyni zamanda, o vurğulayıb ki, gələn il üçün özünüməşğulluq proqramının maliyyələşdirilməsinə 63 mln. manat səviyyəsində qiymətləndirilir.
“Gələn il ərzində sırf İşsizlikdən Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır. Dünya Bankı da bu layihəyə qoşulur. Onların da vəsaitini nəzərə alsaq bu rəqəm daha da artacaqdır. növbəti il Dünya Bankının payını 1-2 min ailə olaraq qiymətləndiririk. Amma ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Eyni zamanda, bu xərclərin strukturunda məşğulluq layihələri üzrə müxtəlif aktiv məşğulluq tədbirlərinin təşkili nəzərdə tutulur”, - o qeyd edib.
Babayev qeyd edib ki, cari ildə ƏƏSMN-nin planı 100 min nəfərin işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 minə çatdırılacaq.
“Dünya Bankı ilə yanaşı, BMT İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində işlərin davam etdirilməsi nəzərdə tutulur və əlavə 500 nəfər BMT İnkişaf Proqramının xətti ilə maliyyələşdiriləcək”, - Banayev bildirib.
Nazir əlavə edib ki, Dünya Bankı ilə danışıqlar yekun mərhələdədir ($100 mln. məbləğində kredit üzrə - İF). Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq. Növbəti ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə tutulur. Dünya Bankının prosedurlarını nəzərə alsaq, real aktivlərin alınması mərhələsinə biz 2020-ci ilin sonunda çatacağıq”, - Babayev vurğulayıb. **
Ə.Məmmədov