Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan 2019-cu ilin sonuna qədər yenidən görüşə bilərlər. Bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir. Bəyanat təşkilatın saytında dərc olunub.
“Xarici işlər nazirləri ilin sonuna qədər həmsədrlərin himayəsi altında yenidən görüşmək niyyətlərini təsdiq ediblər”, - deyə vasitəçilərin regiona səfərinin yekunlarına həsr olunmuş bəyanatında bildirilir.
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik 14-17 oktyabr tarixlərində regionda səfərdə olublar.
Səfər çərçivəsində vasitəçilər oktyabrın 15-də Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyan, oktyabrın 17-də isə Bakıda prezident İlham Əliyevlə, eləcə də xarici işlər və müdafiə nazirləri ilə görüşüblər.
“Səfər zamanı iki ölkə liderləri (Əliyev və Paşinyan – İF) həmsədrlərə Aşqabadda keçirilən MDB sammitindəki son görüşləri barədə məlumat veriblər və nizamlama prosesində inkişafa nail olmaq üçün öz fikirlərini bildiriblər. Həmsədrlər əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün konkret humanitar və təhlükəsizlik tədbirlərinin perspektivini alqışlayıblar. Onlar monitorinq missiyalarının çox əhəmiyyətli olduğunu bir daha təkrarlayıblar. Vasitəçilər tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun komandasının fəaliyyətinə hərtərəfli dəstək göstərməyə və monitorinq missiyalarının həyata keçirilməsinə mane ola biləcək hər hansısa maneənin dərhal aradan qaldırılmasını təmin etməyə çağırıblar”, - deyə bəyanatda qeyd olunur.
Vasitəçilər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Daimi Şurasına və Minsk qrupunun üzvlərinə Dağlıq Qarabağ münaqişəsininnizamlanması prosesinin gedişi barədə məlumat verəcəklər.*
F.İsazadə