SOCAR və Almaniyanın “Uniper” şirkəti arasında 2020-ci il üçün əməkdaşlıq proqramı imzalanıb.
Azərbaycanın Berlindəki səfirliyindən verilən məlumata görə, proqram Almaniyada “SOCAR-Uniper” Əlaqələndirmə Şurasının 6-cı iclasında imzalanıb.
İclasda SOCAR-ın nümayəndə heyətinə şirkətin vitse-prezidenti Xalik Məmmədov, “Uniper” şirkətinin nümayəndə heyətinə isə birinci vitse-prezident Uve Fip başçılıq edib.
İclasda tərəflər “SOCAR-Uniper” birgə müəssisəsinin fəaliyyətindən məmnunluq bildiriblər.
“Tərəflər birgə fəaliyyət planlarını, o cümlədən “Azərkimya” İB-nin neft-kimya müəssisələrinin modernləşdirilməsi layihəsini, SOCAR-ın əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi və digər məsələləri müzakirə ediblər. İclas çərçivəsində tərəflər arasında 2020-ci il üçün əməkdaşlıq proqramı imzalanıb”, - deyə məlumatda qeyd olunur.
“SOCAR-Uniper” birgə müəssisəsi 2016-cı ildə yaradılıb. BM-də SOCAR 51%, “Uniper” isə 49% pay sahibidir.*
A.Əzizov