Yanvar-avqust aylarında Azərbaycanda əhalinin sayı 0.5% artaraq 2019-cu il sentyabrın 1-nə 10 mln. 35,351 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 116 nəfərdir.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1 min kişiyə orta hesabla 1,004 min qadın düşür.
Bu dövrdə ölkə üzrə 91,513 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,9 təşkil edib. Yeni doğulan oğlanlar 53,3% qızlar – 46,7% təşkil edib. Körpələrin 2,144 mini əkiz, 54-ü üçəm, 4-ü dordüz doğulanlardır.
Yanvar-avqust aylarında 42,163 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,7 təşkil edib. 2018-ci ilin yanvar-avqust aylarında ölüm səviyyəsi 6 təşkil edirdi.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 42,163 min nikah (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 4,8%) və 11,317 min boşanma halı (artım 14,6%) qeydə alınıb.
Yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,342 min nəfər gələn və 1,045 min nəfər ölkədən gedən qeydə alınıb.**
X.Nəsirzadə