“AccessBank”ın İdarə Heyətinin sədri (CEO) Anar Həsənov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azerbaijan”) İdarə Heyətinə üzv seçilib.
“2019-cu il 14 oktaybr tarixində “AHK Azerbaijan”ın İdarə Heyətinin qərarına əsasən, Anar Həsənov İdarə Heyətinə üzv təyin olunub. O, bu vəzifədə “Bakcell” MMC-nin keçmiş baş icraçı direktoru Nikolay Bekersi (Nikolai Beckers) əvəz edib”, - bankın məlumatında qeyd olunur.
"Sirr deyil ki, "AHK Azerbaijan" ölkə iqtisadiyyatının inkişafına töhfə verən şirkətlərdən ibarət unikal bir platformadır. Palata dövlət-özəl sektor dialoqunun daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görür. Azərbaycanda sahibkarlar üçün yaradılan əlverişli biznes mühitini Avropadan, o cümlədən Almaniyadan olan potensial investorlara çatdırmaq üçün çalışacam. Nəzərə alsaq ki, "AHK Azerbaijan" rəhbərliyi və üzvləri kifayət şəffaf və dialoqa açıq tərəfdaşlardan ibarətdir, biz qarşıya qoyulan hədəflərə asanlıqla çata biləcəyik", - bankın mətbuat xidməti Həsənovun sözlərindən sitat gətirir.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.**
A.Əzizov