2020-ci ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 750 mln. manat ($441,2 mln.) məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnoz göstəricisindən 15,4% azdır.
“2020-ci ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 2019-cu ildəki 886 mln. manata qarşı 750 mln. manat məbləğində proqnozlaşdırılır”, – deyə Maliyyə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
2020-ci il üçün proqnozda bir barrel neftin qiyməti 55 dollardan hesablanıb, 2019-cu ilin proqnozunda isə bir barrel neftin baza qiyməti $60 təşkil edir.
Nazirlikdən qeyd ediblər ki, cari ilin 8 ayının yekunları üzrə «Azeri Light» markalı neftin bir barrelinin orta qiyməti $67,2 təşkil edib.
Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarında mənfəət vergisi ödəyirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra neft-qaz yataqlarının işlənməsi haqqında 30-dan artıq PSA tipli müqavilə imzalayıb.
2018-ci ildə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 1 mlrd. 16,4 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.*
A.Əzizov