"Bakı Metropoliteni” QSC müxalif Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-da Bakının mərkəzində icazəsiz mitinq keçirmək planları ilə əlaqədar şənbə günü 3 metro stansiyasının fəaliyyətini müvəqqəti dayandırıb.
“Strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb”, - QSC-nin məlumatında deyilir.
Bundan əlav, metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyatı hüquq mühafizə orqanlarına müraciət olunacaq.
Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyi müxalifətin qanusuz etiraz aksiyasının qarşısını almaq məqsədilə vətəndaşların təhlükəsizliyinin təminatı məqsədilə radikal təbirlərə əl atıb.
Saat 12:00-dan 16:00-dək "28 May" metro stansiyasına aparan bütün prospekt və küçələr bağlanıb. Həmçinin, söhbət Azadlıq prospekti və ona birləşən küçələrdən gedir.
Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-da mitinq keçirilməsi ilə bağlı müraciətinə icazə verib. Mitinqin Lökbatan qəsəbəsində keçirilməsinə icazə verilib. Lakin müxalifət mitinqi Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında keçirmək istəyir. **
B.Rüstəmbəyov