2019-cu ilin yanvar-sentyabr aylarında “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququna sahib olan sığortaçılar tərəfindən 39,509 min sığorta şəhadətnaməsinin satışı həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 18% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
“Qeyd olunan dövrdə beynəlxalq sığorta müqavilələri üzrə toplanmış sığorta haqları 2 mln. 240,973 min manat (2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 15%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə 206 sığorta hadisəsi üzrə 790,933 min manat (artım 23%) sığorta ödənişi həyata keçirilib.
Azərbaycan 2016-cı il yanvarın 1-dən Green Card sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupuna daxil olub. Tranzit üzvlük 10 il müddətinə nəzərdə tutulub. Azərbaycanı Yaşıl Kart sistemində İSB təmsil edir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və Yaşıl Kartlar üçün vahid standartlar qəbul edilib. Yaşıl Karta dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb.*
Ə.Məmmədov