Azərbaycanda sənaye parklarının rezidentləri layihələrin reallaşdırılmasına 5,7 mlrd. manat ümumi məbləğdə yatırım həyata keçiriblər (cari məzənnə ilə $3,353 mlrd.). Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Azərbaycanda sənaye parklarının rezidentləri tərəfindən layihələrin reallaşdırılmasına indiyədək 5,7 mlrd. manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 mln. manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur (cari məzənnə ilə $395,88 mln.), - Mustafayev nazirliyin geniş kollegiya iclasında bildirib.
Həmçinin, nazir qeyd edib ki, bu ilin 9 ayında sənaye parklarında 564 mln. manatlıq məhsul istehsal edilib, bunun 233 mln. manatlıq hissəsi ixrac olunub.
Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və 4 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyət göstərir.**
B.Rüstəmbəyov