Sentyabrın 28-dən oktyabrın 18-nə qədər Bakıda keçirilmiş bal yarmarkasında 102,6 ton bal və 7,1 ton arı şanı satılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib.
“Yarmarkada qida təhlükəsizliyi və keyfiyyət göstəricilərinə uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa buraxılıb, 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib”, – deyə o, bu gün mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, builki yarmarkada 37 rayon üzrə 321 arıçı iştirak edib. Qida Təhlükəsizliyi Agentliyi 3,241 min nümunə götürüb və laboratoriyada yoxlayıb.
"Məhsulun qiyməti arıçılar və alıcılar arasında tələb-təklif çərçivəsində müəyyən edilib. Alıcıların 87%-i qiymətlərdən tam, 11%-i isə qismən razı qalıb", - deyə o qeyd edib.
Yarmarka çərçivəsində arıçıların 4 qrup üzrə reytinqi tərtib edilib və onlara sertifikatlar verilib. "Lakin bu o demək deyil ki, sertifikat almış arıçıların məhsulları növbəti yarmarkada laboratoriya şəraitində yoxlamadan azad ediləcək”, - deyə L.Məmmədova əlavə edib.*
X.Nəsirzadə