2019-cu ilin 9 ayı ərzində İqtisadiyyat Nazirliyi tərəfindən ümumi dəyəri 807,6 mln. manat olan layihələr üzrə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“9 ay ərzində İqtisadiyyat Nazirliyi tərəfindən ümumi dəyəri 807,6 mln. manat olan 75 layihə üzrə investisiya təşviqi sənədi verilib”, - deyə o, nazirliyin geniş kollegiya iclasında bildirib.
Nazirin sözlərinə görə, indiyədək 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxın olan layihələr üzrə 407 investisiya təşviqi sənədi verilib. Layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahələrini əhatə edir.
Prezident İlham Əliyev 2016-cı il yanvarın 18-də “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısı, həmçinin “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı da təsdiq edib.
İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Bu güzəştlərə aiddir: mənfəət və ya gəlir vergisinin 50%-dən 7 il müddətinə azadolma; torpaq və əmlak vergisindən 7 il müddətinə tam azadolma; xaricdən idxal edilən texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən 7 il müddətinə tam azadolma.*
B.Rüstəmbəyov